Abbas Lisaninin məhkəməsi olub
Bakı.Ramil Məmmədli-APA.
İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın liderlərindən olan Abbas Lisanin məhkəmə prosesi keçirilib. Bu barədə APA-ya A. Lisaninin həyat yoldaşı Ruqəyya Əlizadə məlumat verib. R. Əlizadə deyib ki, A. Lisani 2005-ci ildə Səttarxanın və Bağırxanın məzarı üzərində keçirilən mitinqdə İran hökuməti əleyhinə fikirlər söyləməkdə ittiham olunub. Təbriz İnqilab Məhkəməsində dünən keçirilən məhkəmə iclasında A. Lisani 50 min İran tüməni (60 ABŞ dolları) məbləğində cərimə olunub.Qeyd edək ki, A. Lisani 2006-cı ilin may hadisələrinə təşkilatçılıq etməkdə təqsirləndirilərək həbs olunub. Ərdəbil İnqilab Məhkəməsi onu 18 ay müddətinə həbs cəzasına məhkum edib. 2007-ci il dekabrın 30-da keçirilən növbədənkənar məhkəmə prosesində A. Lisaninin cəza müddəti daha 1 il artırılıb. O, yanvarın 2-də saxlanıldığı Ərdəbildəki cəzaçəkmə müəssisəsindən Əhərə, buradan isə martın 5-də Yəzd şəhərindəki həbsxanaya köçürülüb.

