Abbas Lisani aclığı dayandırıb
İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın liderlərindən olan Abbas Lisani aclıq aksiyasını dayandırıb. Bu barədə APA-ya A. Lisaninin həyat yoldaşı Ruqəyya Əlizadə məlumat verib.
R. Əlizadə deyib ki, A. Lisani bir qrup azərbaycanlı ziyalının müraciəti əsasında aclığı dayandırmaq haqda qərar verib. Onun sözlərinə görə, Yəzd şəhər həbsxanasında saxlanma şəraitindən narazı olan A. Lisani Əhərdəki cəzaçəkmə müəssisəsinə köçürülməsini tələb edir. İran ədliyyə qurumunun fəaliyyətindən narazılığını bildirən R. Əlizadə aprelin 7-də A. Lisaninin işi ilə bağlı keçiriləcək növbəti məhkəmə prosesində ədalətli qərarın qəbul olunacağına ümid etmədiyini də söyləyib: “Abbas Lisani cinayətkarlarla bir bölmədə saxlanılır və həbsxana nəzarətçiləri tərəfindən mütəmadi təzyiqlərə məruz qalır”.
Qeyd edək ki, A. Lisani 2006-cı ilin may hadisələrinin təşkilində təqsirləndirilərək həbs olunub. Ərdəbil İnqilab Məhkəməsi onu 18 ay müddətinə həbs cəzasına məhkum edib. 2007-ci il dekabrın 30-da keçirilən növbədənkənar məhkəmə prosesində A. Lisaninin cəza müddəti daha 1 il artırılıb. A. Lisani, həmçinin İran dövləti əleyhinə fikirlər söyləməkdə də ittiham olunub. Bu işlə bağlı məhkəmə iclası isə aprelin 7-də Təbriz İnqilab Məhkəməsində keçiriləcək.

